8 iyul 2026. Çərşənbə

Rəşad Nəbiyev Avropa çempionu olan yeniyetmə cüdoçularla görüşdü


Rəşad Nəbiyev Avropa çempionu olan yeniyetmə cüdoçularla görüşdü

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev yeniyetmələrdən ibarət milli komandanın üzvləri ilə görüş keçirib.

90deqiqe.Az xəbər verir ki, federasiya rəhbəri İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən Avropa çempionatında tarixi nəticəyə imza atan cüdoçuları əldə etdikləri uğur münasibətilə təbrik edib.

Rəşad Nəbiyev çıxışında idmançıların yarış boyu yüksək əzm və məsuliyyət nümayiş etdirdiklərini vurğulayaraq, son illərdə yeniyetmələr arasında qazanılan uğurların Azərbaycanda cüdonun sistemli inkişafının göstəricisi olduğunu bildirib.

Federasiya prezidenti qeyd edib ki, cüdo yalnız idman nailiyyətləri ilə deyil, həm də yeniyetmələrin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. O, idmançıların sağlamlığının, xoşbəxtliyinin və hərtərəfli inkişafının hər zaman əsas prioritetlərdən biri olduğunu diqqətə çatdırıb.

R.Nəbiyev peşəkar yanaşmanın erkən yaşlardan formalaşdırılmasının vacibliyini vurğulayaraq, əldə olunan nəticələrin gələcəkdə daha böyük uğurlar üçün möhkəm təməl yaratdığını qeyd edib.

Xatırladaq ki, Azərbaycan millisi yeniyetmələr arasında Avropa çempionatını 2 qızıl, 3 gümüş və 5 bürünc medalla başa vurub. Yığma 43 ölkə arasında medal əyarına görə ikinci, ümumi medal sayına görə isə birinci yeri tutub.







Xəbər news