- Xəbər news
- 07:40 25.10.2026
FIFA prezidenti Canni İnfantino Bakıda keçirilən U-15 Dünya Çempionatı və Festivalının təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
90deqiqe.Az xəbər verir ki, FIFA rəhbəri bu barədə şəxsi “Instagram” hesabında paylaşım edib. O, Bakıda keçirilən açılış mərasimini tarixi gün və fantastik hadisə kimi qiymətləndirib.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Baş nazirin müavini Samir Şərifova, hökumətə, Rövşən Nəcəfin rəhbərlik etdiyi AFFA kollektivinə, FIFA-dakı həmkarlarıma və bu xüsusi çempionatın təşkilində əməyi keçən hər kəsə təşəkkür edirəm. Biz hər bir gənc istedada şans verir, altı konfederasiyanın hamısını əhatə edən FIFA-ya üzv 189 ölkədən olan gəncləri bir araya gətirir və onların ilk FIFA dünya çempionatında unudulmaz xatirələr yaratmalarına imkan veririk”, – deyə İnfantino bildirib.
Qeyd edək ki, oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında ilk dünya çempionatı və festivalının rəsmi açılış mərasimi keçirilib. Tədbiri Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino izləyiblər.
Açılış mərasimindən sonra keçirilən Azərbaycan – Timor-Leste qarşılaşması millimizin 6:0 hesablı qələbəsi ilə başa çatıb.