- Xəbər news
- 20:59 04.11.2026
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda keçirilən yanğın-xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının açılış mərasimində çıxış edib.
90deqiqe.Az xəbər verir ki, Nazir tədbirin təşkilində əməyi olan beynəlxalq təşkilatlara, milli federasiyalara, təşkilatçılara, hakimlərə və mütəxəssislərə təşəkkürünü bildirib.
Kəmaləddin Heydərov qeyd edib ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkə beynəlxalq idman arenasında nüfuzlu mövqeyə sahib olub. Onun sözlərinə görə, son illərdə müasir idman infrastrukturunun yaradılması və müxtəlif idman növlərinin inkişafına göstərilən diqqət sayəsində azərbaycanlı idmançılar dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında yüksək nəticələr əldə ediblər.
Nazir Azərbaycanın beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməklə dünyada güclü idman mərkəzi kimi tanındığını vurğulayıb.
“Əminəm ki, qarşıdakı yarışlar yüksək idman ustalığının, ədalətli mübarizənin və qarşılıqlı hörmətin parlaq nümunəsinə çevriləcək. Eyni zamanda, iştirakçılar üçün təcrübə mübadiləsi aparmaq və peşəkar əlaqələri möhkəmləndirmək baxımından mühüm imkanlar yaradılacaq.
Dünya çempionatlarının həm kişilər, həm də qadınlar arasında keçirilməsi idmançılar üçün bərabər imkanların yaradılmasının əhəmiyyətini bir daha vurğulayır və yanğınsöndürmə idmanının beynəlxalq səviyyədə inkişafına töhfə verir”, – deyə Kəmaləddin Heydərov bildirib.
Nazir bu idman növünün inkişafının sağlam həyat tərzinin təbliğinə, yanğınsöndürən və xilasedici peşələrinin nüfuzunun yüksəldilməsinə, eləcə də gənc nəslin idmana və cəmiyyətə xidmətə marağının artırılmasına xidmət etdiyini qeyd edib.
Onun sözlərinə görə, bu səviyyəli yarışlar ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi, qabaqcıl təcrübənin paylaşılması və peşəkar əlaqələrin inkişafı üçün də əlavə imkanlar yaradır.
Kəmaləddin Heydərov çıxışının sonunda iştirakçılara güc, dözümlülük, yüksək mübarizə əzmi və uğurlar arzulayıb. O, qonaqların Bakıda keçirdikləri günlərin Azərbaycanın qonaqpərvərliyi, zəngin mədəniyyəti və xoş xatirələri ilə yadda qalacağına əminliyini ifadə edib.