- Xəbər news
- 17:41 16.12.2025
"Barselona"nın kapitanı Lionel Messinin 6-cı dəfə "Qızıl top" qazandığı təltifetmə mərasimində "Liverpul"un müdafiəçisi Vircil van Deykin fikirləri narazılıqla qarşılanıb.
Corner.az-ın xarici mətbuata istinadən məlumatına görə, hollandiyalı futbolçunun "Yuventus"un hücumçusu Kriştiano Ronaldo ilə bağlı fikirləri maraqla qarşılanıb.
Belə ki, tədbirdən əvvəl yerli kanallardan birinə açıqlama verən van Deyk jurnalistin "Ronaldo mərasimə gəlməyib, rəqiblərinizdən biri azalıb" sualına "O rəqib idi ki?" deyə cavab verib. 28 yaşlı müdafiəçisi tədbirdən sonra isə Messinin mükafata layiq olduğunu deyib: "Messi 6-cı dəfə bu titulun sahibi oldu. Ona hörmətlə yanaşmaq lazımdı. Məndən bir az yaxşı idi".
Van Deykin sözləri Ronaldonun bacısı Katyanın narazılığına səbəb olub. O, instaqram hesabı vasitəsilə hollandiyalını tənqid edib: "Bəzi insanlar əsəb oynadırlar. Səmimi deyil və təvazökarlıqdan uzaqdı. Ronaldo 3 liqada çempion oldu. Van Deyk oynadığı liqada hələ də çempion ola bilməyib. Sənin oynadığın ölkədə Ronaldo ən yaxşı və çox qol vuran oyunçu olub. Üstəlik, səndən daha gənc yaşda. Ronaldo və dostları sənin komandanı Millətlər Liqasının finalında əzdi. O, ən zəif vaxtında belə, səndən çox çempionluq sevinci yaşayıb. Bir əlin barmaqlarının sayı qədər çempion olmusan, Ronaldo ilə eyni masa arxasında oturursan".
Qeyd edək ki, Vircil van Deyk isə bu paylaşımdan sonra o fikirləri zarafatla dediyini söyləyib.